Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyunlar keçiriləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi sentyabrın 8-də “C”, “E” və “G” qruplarında keçiriləcək növbəti oyunlarla səkkizinci tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, “C” qrupunda mübarizə aparan İspaniya millisi səfərdə Makedoniya ilə qarşılaşacaq. Qrupun digər oyununda Slovakiya - Ukrayna, Belarus - Lüksemburq oyunları keçiriləcək. Seçmə mərhələdə keçirilən yeddi oyundan sonra 18 xal toplayan İspaniya və Slovakiya komandalarının, həmçinin 15 xalı olan Ukrayna yığmasının turnir cədvəlində yaxın pillələrdə yer alması görüşə marağı daha da artırır.
“E” qrupunda 21 xalla liderlik edən İngiltərə yığması 15 xal toplayan İsveçrə ilə qarşılaşacaq. İngilislər turnirin final mərhələsinə vəsiqəni artıq təmin ediblər. Digər matçlarda isə Estoniya Sloveniyanın, Litva isə San-Marinonun qonağı olacaq.
Seçmə mərhələdə 19 xalla “G” qrupunun lideri olan Avstriya səfərdə İsveçlə qarşılaşacaq. İsveçlilər üçün bu görüş Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. 12 xalı olan İsveç ikinci pillədəki mövqedə qalmaq üçün mütləq qələbə qazanmalıdır. Əks təqdirdə, 11 xalı olan və Lixtenşteynə qalib gələcəyi gözlənilən Rusiya həmin pilləni tuta bilər.
Xatırladaq ki, qruplarda birinci və ikinci yerlərin sahibləri, həmçinin qrupu üçüncü yerdə başa vuran yığmalar arasında ən yaxşı nəticə göstərən səkkiz komanda 2016-cı il iyunun 10-dan iyulun 10-a qədər Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.