AVROPA İTTİFAQI AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
Avropa İttifaqı Azərbaycanı özünə ən yaxın tərəfdaşlardan biri hesab edir. Azərbaycan Cənubi Qafqazda yerləşən digər dövlətlərdən fərqli olaraq coğrafi mövqeyinə görə Avropa üçün daha çox əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının ölkəmizdəki səfiri Alan Vaddams demişdir.
Avropanın təkcə enerji sahəsində deyil, bir çox istiqamətlərdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən Alan Vaddams bildirmişdir ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planının icrasında Azərbaycan yüksək nəticələr əldə etmişdir. Azərbaycanda iqtisadi inkişafı, enerji sahəsindəki islahatları yüksək qiymətləndirmək olar.
Avropa İttifaqının səfiri bu əməkdaşlığın Azərbaycanın quruma yaxınlaşması üçün bir qapı olduğunu bildirmişdir.
Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən Alan Vaddams vurğulamışdır ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyən Avropa İttifaqı münaqişənin sülh yolu ilə həllini istəyir. Əgər sülhə nail olunarsa, Avropa İttifaqı bərpa məsələlərinə kömək edəcək. BMT Baş Məclisinin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə gəldikdə isə səfir bunu Azərbaycanın qələbəsi kimi dəyərləndirmişdir.
Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Alan Vaddams demişdir: “Minsk qrupu həmsədrləri qətnamənin əleyhinə səs veriblər. Bu da bir qədər təəssüfləndirici haldır. Lakin Avropa İttifaqına üzv olan digər 26 dövlət səsvermədə neytrallığını saxlamışlar. Bu gün Avropa İttifaqı münaqişənin həllində sülhə nail olmaq üçün daha fəal olmağa çalışır”.
Regionda böyük nüfuza malik olan Azərbaycan Avropa üçün bir tranzit ölkə kimi də əhəmiyyət daşıdığını xüsusi qeyd edən diplomat, perspektivdə ətraf mühitlə, kənd təsərrüfatı, bələdiyyə, gömrük, statistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu söyləmişdir. Gələn il ədliyyə sahəsində islahatlarla bağlı layihələr də həyata keçiriləcəkdir. Ümumiyyətlə, burada məqsəd Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə yaxınlaşdırılması və uyğunlaşdırılmasıdır.