DÜNYA
Avropa İttifaqı Çin istehsalı olan elektrikli avtomobillərə cəza tarifləri tətbiq etmək qərarına gəlib
Berlin, 5 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Çindən idxal olunan elektrikli avtomobillərə cəza tarifləri tətbiq etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Alman Mətbuat Agentliyi (DPA) məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası Çindən idxal edilən avtomobillərə 35,5 faizə qədər vergi tətbiq etməyi qərara alıb. Buna səbəb Aİ-nin Çini elektrikli avtomobillərin qiymətini süni şəkildə aşağı salmaq üçün dövlət vəsaitindən və onları dünya bazarına çıxarmaq məqsədilə ədalətsiz üsullardan istifadədə ittiham etməsidir. Aİ cavab tədbiri kimi Çindən elektrikli avtomobillərin idxalının bahalaşmasına imkan yaradacaq 35 faizlik cəza tarifi tətbiq etməyi nəzərdən keçirir.
Almaniyanın Kansleri Olaf Şolts cəza tədbirlərinin əleyhinə olduğunu açıqlayıb və federal hökumət səsvermədə bu qərarın əleyhinə səs verib. Lakin Aİ-yə üzv olan digər dövlətlər bu qərarı dəstəkləyib. Federal hökumət Çinin Almaniya istehsalı olan bahalı avtomobillərin satışına təsir edəcək cavab tədbirləri görməsindən ehtiyatlanır.
Lakin federal hökuməti formalaşdıran koalisiyanın üzvlərinin bu qərara münasibəti birmənalı deyil. Azad Demokrat Partiyası (FDP) bu qərarı dəstəkləsə də, Yaşıllar Partiyasını təmsil edən xarici işlər naziri Annalena Berbok hökumətdaxili müzakirələrdə cəza tariflərinin lehinə çıxış edib. FDP-nin parlament fraksiyasının rəhbəri Kristian Dürr "Bild" qəzetinə açıqlamasında Kansler Olaf Şoltsun mövqeyini dəstəkləyərək bildirib ki, cəza rüsumları Almaniyanın maraqlarına uyğun deyil.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin