AVROPA İTTİFAQI İLƏ ƏLAQƏLƏRƏ HƏSR OLUNMUŞ KONFRANS
Nazirliklərin, Aİ ölkələrinin Bakıdakı səfirliklərinin nümayəndələrinin, Aİ ekspertlərinin iştirak etdikləri konfransı əlaqələndirmə bürosunun icraçı direktoru Əsgər Ələkbərov açmışdır. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Aİ-in ekspertlər qrupunun rəhbəri Adam Rozevuar, hüquq məsələləri üzrə eksperti Françesko Apruzzi və başqaları tədbirdə çıxış etmişlər.
Çıxışlarda bildirilmişdir ki, Aİ və Azərbaycan arasında əlaqələri tənzimləyən əsas hüquqi sənəd olan TƏŞ 1996-cı ildə imzalanmış, 1999-cu ildə təsdiq edilmişdir. Sazişin həyata keçirilməsinə dəstək olan TACİS layihəsinin üçüncü mərhələsi fəaliyyətə başlamışdır. Azərbaycanın Avropa İttifaqı dövlətləri ilə mədəni, iqtisadi və siyasi əlaqələri sürətlə inkişaf edir. Bu yaxınlarda imzalanmış Avropa qonşuluq siyasəti üzrə fəaliyyət planı Aİ və Azərbaycan arasında daha sıx əməkdaşlığa doğru mühüm addım olmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan coğrafi cəhətdən Avropanın bir hissəsidir və Aİ-nin regionda ən böyük ticarət tərəfdaşıdır. Öz qanunvericiliyini Avropa qanunvericiliyi ilə uyğunlaşdırmaq Azərbaycana iqtisadiyyatını müasirləşdirmək və inkişaf etdirmək, mədəni əlaqələrini möhkəmləndirmək imkanı yaradacaqdır.
Tədbirdə 1992-ci ildən bəri Aİ tərəfindən Azərbaycana 400 milyon avro məbləğində maliyyə yardımı edilməsindən, TƏŞ layihəsinin ikinci mərhələsinin daha uğurlu olmasından, bu təşkilatın İqtisadi İnkişaf Nazirliyi ilə əlaqələrindən, layihənin üçüncü mərhələsində həyata keçiriləcək tədbirlərdən danışılmışdır.