AVROPA İTTİFAQI MOSKVADAN ENERJİ ASILILIĞINI AZALTMAQ ÜÇÜN BAKI İLƏ YAXINLAŞIR
Məlumatda bildirilir ki, Rusiyadan enerji asılılığını azaltmağı qərara almış Avropa İttifaqı noyabrın 7-də Prezident İlham Əliyev ilə keçirilmiş görüşlərdə Azərbaycanla yaxınlaşmağa üstünlük verdiyini bəyan etmişdir. Bununla, Avropa İttifaqı keçmiş Sovet İttifaqı respublikasının demokratikləşdirilməsinə yeni imkanlar açılacağına ümidvar olduğunu bildirmişdir.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə energetika sahəsində əməkdaşlığa dair ümumi razılığa gələrək, bu barədə sənədi imzalamışlar. Məlumatda deyilir ki, müstəqilliyini qorumaqla bərabər, regionda Rusiya ilə əlaqələrini inkişaf etdirən Azərbaycan neftlə zəngindir.
Avropa İttifaqı Azərbaycanın yanacaq ehtiyatları hesabına Rusiyadan güclü enerji asılılığını (Avropa İttifaqı Rusiya enerjisinin 25 faizini alır) azaltmaq imkanı əldə edəcəkdir.
Avropa İttifaqı hələlik Azərbaycan neftini çox az miqdarda alır. Bu ilin iyul ayında Bakını Türkiyənin Ceyhan terminalı ilə birləşdirən neft kəmərinin açılışı ölkə neftinin Avropaya ixracatını genişləndirməyə imkan verəcəkdir.
Bundan əlavə, Xəzər dənizinin Azərbaycana məxsus hissəsindəki “Şahdəniz” yatağının zəngin qazı Cənubi Qafqaz kəməri ilə Gürcüstandan keçməklə Türkiyəyə ixrac ediləcəkdir.
Cənab Barrozu demişdir: “Avropa üçün əsas ideya Xəzər dənizinin yanacaq ehtiyatları sayəsində öz tələbatlarını təhlükəsiz şəraitdə təmin etməkdən ibarətdir. Bu sahədə Avropa İttifaqı ilə çox sıx əməkdaşlığa imkan yaradan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm”.
J.Barrozu qeyd etmişdir ki, Avropa İttifaqının enerjiyə marağının artması Azərbaycanda demokratiyanın inkişafının heç də ikinci plana keçməsi demək deyildir. Avropa İttifaqı bu sahəyə diqqəti heç vaxt zəiflətməyəcəkdir. İqisadi və energetika siyasətləri nə qədər mühüm amillər olsa belə, biz insan hüquqlarının himayədarı və əsas azadlıqların inkişafının tərəfdarıyıq. Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, zəngin neft hesabına iqtisadi qüdrəti getdikcə yüksələn ölkənin daha da demokratikləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.
Cənab Prezident İlham Əliyev bildirmişdir: “Biz hazırda hüquqi dövlət və demokratik cəmiyyət qururuq və eyni zamanda insan hüquqlarını etibarlı surətdə qorumaqla güclü iqtisadiyyat yaradırıq. Onlardan biri digəri olmadan müvəffəqiyyət qazana bilməz”.
Siyasi və iqtisadi islahatlar Avropa İttifaqının yaxın qonşuluq siyasəti çərçivəsində keçirilmiş danışıqların əsas mövzusu olmuşdur. Bu fikri Avropa İttifaqı Şurasının baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə söyləmişdir. Cənab Solana daha sonra bildirmişdir ki, Prezident İlham Əliyev iqtisadi və siyasi sahələrdə həyata keçirmək üçün çoxlu işlərin olduğunu qeyd etmişdir.
Bu gün Azərbaycanın Avropa İttifaqı üçün çox mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edən X.Solana yaxın vaxtlarda Bakıya səfər edəcəyini söyləmişdir.
Energetika sahəsində əməkdaşlıqdan əlavə, Avropa İttifaqı Moskva və Tbilisi arasında yaranmış gərginliyə baxmayaraq, Rusiya ilə regional əməkdaşlığın inkişafına xüsusi diqqət yetirən Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirmişdir.