AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN SƏDRİ MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionis aprelin 9-da kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirmişdir. Nazir bəyan etdi ki, Azərbaycanın Avropa Şurasına üzv olması ölkədə demokratikləşmə proseslərinin güclənməsinə yol açmışdır. Bu, həm Avropa Şurasının, həm də Azərbaycanın xeyrinədir, lakin bununla yanaşı, o, çətin və uzun sürən prosesdir.
Cənab Valionis Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Avropa Şurasının köməyi barədə jurnalistlərin suallarına cavab verərkən dedi ki, AŞPA bu sahədə böyük fəallıq göstərməlidir. O, həmin məsələdə AŞ Nazirlər Komitəsinin mövqeyini açıqladı. Nazir bildirdi ki, əsas prinsiplər sırasına münaqişənin dinc vasitələrlə həlli, üzv dövlətlərin ərazi bütövlüyünə riayət edilməsi, danışıqlarda məxfilik ünsürlərinin aradan qaldırılması daxildir. Avropa Şurası nümayəndəsinin fikrincə, proses Həm Ermənistanın, həm də Azərbaycanın qarşılıqlı addımlarından bilavasitə asılıdır. Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyası ATƏT-in Minsk qrupunu danışıqların aparılması üçün optimal format hesab edir. Əgər münaqişə tərəflərindən təklif alınarsa, onda Avropa Şurası Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsində və milli azlıqların hüquqlarının qorunmasında Venesiya komissiyası vasitəsilə Minsk qrupuna kömək göstərər. Avropa Şurası Nazirlər Komitəsi sədrinin rəyincə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığın inkişaf etdirilməsi daha səmərəli danışıqlara başlamağa müəyyən dərəcədə imkan verəcək amildir.
Cənab Valionis öz növbəsində jurnalistlərə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun yeni redaksiyası müddəalarının necə yerinə yetirilməsi barədə sual verdi.
Görüşdə Litvanın Azərbaycandakı səfiri Qalina Kobeskayte iştirak edirdi.