Avropa Yenidənqurma və İnkişaf Bankı Gəncənin su sistemlərinin yenidən qurulmasına maliyyə dəstəyi göstərəcək
Bakı, 18 noyabr, AZƏRTAC
“Azərsu” ASC-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərsu”nun sədr müavini Etibar Məmmədov Azərbaycanda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib.
Ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində AYİB-in rolunu yüksək qiymətləndirən E.Məmmədov 1995-ci ildə imzalanmış “Böyük Bakının su təchizatı sistemlərinin yenidən qurulması” layihəsini xatırladıb. Qeyd olunub ki, yenicə müstəqillik qazanmış ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə siyasi sabitlik bərqərar olduqdan sonra AYİB və Dünya Bankının ayırdığı güzəştli kreditlər hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğularında yenidənqurma işləri aparılıb, Bakı şəhərində nasos stansiyaları və istehsalat bazalarının təchizatı istiqamətində mühüm işlər görülüb.
Bankın nümayəndə heyətinin rəhbəri Yelena Qordeyeva təmsil etdiyi qurumun Azərbaycanda infrastruktur layihələrində iştirakından məmnunluğunu vurğulayıb.
O, sudan səmərəli istifadə, kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ümumilikdə, su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib.
Yelena Qordeyeva Gəncə şəhərinin içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi ilə maraqlandıqlarını, layihənin davam etdirilməsinə maliyyə dəstəyi göstərə biləcəklərini diqqətə çatdırıb.