Avstraliya paytaxtında 13 aydan sonra ilk dəfə karantin elan edilib
Tokio, 12 avqust, AZƏRTAC
Avstraliya paytaxtı Kanberrada son 13 ayda ilk dəfə aşkar edilən koronavirusa yoluxmadan sonra bir həftəlik karantin elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə region hökumətinin başçısı Endrü Barr bildirib. Qeyd edilir ki, karantin müddətində Kanberrada və qonşuluqda yerləşən yaşayış məntəqələrində sakinlər evlərini yalnız məsafədən işləmək mümkün olmadıqda iş və ya təhsil yerlərinə, həkimə getmək və ilkin tələbat malları almaq üçün tərk edə bilərlər. Pərakəndə satış mağazalarının bağlanacağı, ictimai iaşə obyektlərinin isə yalnız özünlə aparmaq şərti ilə işləyəcəyi qeyd edilir. Buraxılış sinifləri istisna olmaqla, digər şagirdlərin də evdən təhsilə cəlb ediləcəyi bildirilir.
Xatırladaq ki, Avstraliyanın paytaxt regionunda son dəfə koronavirusa yoluxma halı 2020-ci il iyulun 10-da qeydə alınıb.
Qeyd edək ki, Avstraliya ştatlarının əksəriyyətində epidemioloji vəziyyət sabitdir. Yoluxma halları əsasən Sidney şəhərində qeydə alınır. Son sutka ərzində burada 345 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. Onlardan yalnız bir nəfər həyatını itirib.
Əlavə olaraq bildirək ki, koronavirus pandemiyası başlayandan bəri Avstraliyada ümumilikdə 37 min 500 yoluxma halı qeydə alınıb və 945 nəfər bu xəstəlikdən həyatını itirib. Cari il fevralın sonlarından burada vaksinasiyaya start verilib, əsasən “AstraZeneca” və “Pfizer” şirkətlərinin məhsullarından istifadə edilir.
Son məlumatlara görə, ölkədə 14,2 milyon nəfərə (55 faiz) vaksinin bir dozası, 4,9 milyon nəfərə isə (19 faiz) hər iki dozası vurulub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio