Avstriyada dövlət müstəqilliyi günü qeyd olunub
Vyana, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Avstriyada dövlət bayramı - ölkənin əbədi neytral elan olunmasının 66-cı ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Vyana şəhərinin mərkəzində Heldenplatz meydanında keçirilən ənənəvi mərasimdə dövlət başçısı Aleksander Van der Bellen və Federal Kansler Aleksander, eləcə dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Pandemiya ilə əlaqədar yığcam formatda keçirilən mərasimdə rəsmi şəxslər İkinci Dünya müharibəsində Müqavimət hərəkatında həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar. Sonra isə ordu sıralarına yeni daxil olmuş yüz nəfər gənc hərbçinin andiçmə mərasimi keçirilib, eləcə də Avstriya Federal Silahlı Qüvvələrinin hərbi gücünə aid kiçik təqdimat keçirilib.
Andiçmə mərasimində çıxış edən dövlət və hökumət rəsmiləri əhaliyə bir daha peyvənd olunmaqla bağlı çağırışlar ediblər. Qeyd edilib ki, pandemiya və onun nəticələrinin aradan qaldırılmasında hər bir vətəndaş öz ictimai-siyasi məsuliyyətini dərk etməli, ümumi bəlaya qarşı mübarizəyə qoşulmalıdır.
Bu gün Avstriya Prezident Administrasiyasında əhalini vaksinasiyaya təşviq etmək məqsədilə peyvənd mərkəzi fəaliyyət göstərib. Prezident Administrasiyasının yerləşdiyi Hofbuq sarayının "Mərmər zalı" saat 12-dən 18-dək peyvənd olunmaq istəyənlər üçün açıq olub.
Qeyd edək ki, Avstriyanın əbədi neytrallığı haqqında Federal Konstitusiya Qanunu 1955-ci il oktyabrın 26-da qəbul edilib. Həmin gündən oktyabrın 26-sı ölkədə milli bayram kimi qeyd olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana