Avstriyalı alim gənc mütəxəssislər və tələbələr üçün seminar-məşğələlər keçib
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun təşkilatçılığı, “LightHouse” şirkətinin dəstəyi ilə Avstriyanın Graz Texnologiya Universitetinin doktoru Andre Baldermann gənc alim və mütəxəssislər, eləcə də tələbələr üçün silsilə seminar-məşğələlər keçib.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, avstriyalı alimin Azərbaycana səfərinin əsas məqsədi bu elm müəssisəsinin paleocoğrafiya şöbəsi ilə “Miosen dövründə Şərqi Paratetis iqliminin və dəniz səviyyəsinin dəyişməsi” mövzusunda aparılan elmi iş ətrafında fikir mübadiləsi aparmaq, gənc alim və tələbələr qarşısında elmi məruzələrlə çıxış etmək olub.
Üç gün davam edən seminar-məşğələlərdə Andre Baldermann “Gil minerallarının mühəndisi geologiyada və neft geologiyasında rolu”, “Autigen gil minerallarının biogeokimyəvi prosesdə dəmirin miqrasiyasında rolu”, “Dəmirin biogeokimyəvi dövriyyəsində autigenik gil minerallarının rolu” və “Monqolustanda gölün dərəsində Miosen dövrünün paleoiqlim şəraitinin bərpası” mövzularında məruzələrlə çıxış edib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ağamehdi Ağayev, “LightHous” şirkətinin nümayəndələri Davidi Cosimi və xanım Anna Simoventi də iştirak ediblər.