Avstriyalı tennisçi Dominik Tim Avstraliya açıq turnirinin finalına yüksəlib
Bakı, 31 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 31-də tennis üzrə Avstraliya açıq turnirində kişilərin yarışında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, finala ikinci vəsiqə uğrunda almaniyalı Aleksander Zverev və avstriyalı Dominik Tim üz-üzə gəliblər. Görüş Avstriya təmsilçisinin 3:1 (3:6, 6:4, 7:6, 7:6) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində Dominik Tim karyerasında ilk dəfə Avstraliya açıq turnirinin finalına yüksəlib. O, finalda serbiyalı Novak Cokoviç ilə üz-üzə gələcək. Final görüşü fevralın 2-də keçiriləcək.
Xatırladaq ki, Dominik Tim dörddəbir finalda ispaniyalı Rafael Nadalı mübarizədən kənarlaşdırıb - 3:1 (7:6, 7:6, 4:6, 7:6). Aleksander Zverev isə isveçrəli Stan Vavrinkadan güclü olub - (1:6, 6:3, 6:4, 6:2).
Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.