Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 31 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonunda avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyənləşdirərək saxlayıblar. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu müəyyənləşib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.