Avtomobillərdən pul və qızıl-zinət əşyası oğurlayan şəxslər polis tərəfindən yaxalanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 2-dən 27-dək olan müddətdə Nəsimi rayonunda səkkiz avtomobildən ümumilikdə 870 manat məbləğində pul, 2500 manat dəyərində qızıl-zinət əşyası, mobil telefon, sənəd, videoqeydiyyat və naviqator qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Nəcəfov rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, elə həmin polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-dən 24-dək olan müddətdə rayonda beş avtomobildən 300 manat məbləğində pul, maqnitofon, üç ədəd səsgücləndirici, ərzaq məhsulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Novruzov yaxalanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.