“Ay” adlı şəxsi robot 2021-ci ildə hər evdə olacaqdır
Bakı, 13 may (AZƏRTAC). Bir neçə ay müddətində cəmiyyəti hansısa bir sirli robot haqqında şayiələrlə qıcıqlandıran ABŞ firması nəhayət öz yetirməsini nümayiş etdirmiş və onunla bağlı ambisiyalı planlarını açıqlamışdır.
“Ay” adlandırılmış yenilik mayın 11-də dünyada ilk şəxsi robot kimi təqdim edilmiş və bildirilmişdir ki, həmin aparat 2021-ci ildə hər bir evin sakini olacaqdır. Robotun yaradıcıları ümidvar olduqlarını bildirmişlər ki, şəxsi kompyuterin hesablama, iPhone və Androidin isə mobil elektronika sahəsində dəyişiklik etdiyi kimi “Ay” da robot texnikasında inqilabi çevriliş edəcəkdir.
Kaliforniyadakı “RoboDynamics” şirkəti bəyan etmişdir ki, proqramlaşdırdığı robotdan ev şəraitində istifadə edilməsi nəzərdə tutulmuşdur və aparat bu ilin IV rübündə 3 min dollara (perspektivdə robotun qiymətinin 3 dəfə azaldılması nəzərdə tutulur) satılacaqdır.
“IEEE Spectrum”un məlumatına görə, aparatın hündürlüyü 157 santimetrdir, lakin çəkisi cəmi 30 kiloqramdır. Təkərli aparatın hərəkət sürəti kimi miqdarı və azadlıq dərəcələri üzrə yeri barədə məlumat verilir. Ən başlıcası isə robotun tətbiqi imkanları və bacarığı bildirilmir. “RoboDynamics” şirkəti bütün təfərrüatları yaxın bir neçə həftə müddətində açıqlayacağını vəd edir.
“RoboDynamics”in yaradıcısı və rəhbəri Fred Nikqouhar demişdir: “Ay- şəxsi robotların radikal dərk olunmasıdır. Hesab edirik ki, açıq və əlçatan quruluşa malik olan, insan proporsiyalarını təcəssüm etdirən bu gözəl maşın kompyuterlər və mobil telefonlar sahəsində olduğu kimi, böyük innovasiyalara səbəb olacaqdır. Biz ilk dəfə noutbuk qiymətində robot yaratmışıq. O, insan ölçülərinə malikdir, qeyri-adi dizaynı və sonsuz təkmilləşdirmə imkanları vardır. Məqsədimiz belə maşınların geniş yayılması məqsədilə robotların dəyərini azaltmaq və robotların mürəkkəbliyini aradan qaldırmaqdır”.
Robot qurğuşun-turşulu akkumlyatorla təchiz edilmişdir. Akkumlyatorun enerjisi robotun 4-8 saat fəaliyyətinə kifayət edir. Bir o qədər də vaxt akkumlyatorun doldurulması üçün lazımdır.