Ayaz Museyibov: Müasir texnologiyalar mədəni irsin qorunmasında yeni imkanlar yaradır
Bakı, 13 may, AZƏRTAC
Mədəni irsin qorunması son dərəcə əhəmiyyətli məsələdir. Lakin biz artıq yeni bir mərhələdə – dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Bu dövr mədəni irsin qorunmasına yanaşmaları da dəyişdirib və daha innovativ həlləri zəruri edib.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov mayın 13-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi” adlı panel sessiyada deyib.
O bildirib ki, eyni zamanda, iqlim dəyişiklikləri və antropogen fəaliyyətlər, yəni insan təsiri nəticəsində mədəni irs nümunələrinin zədələnməsi, hətta bəzi hallarda öz autentikliyini itirməsi müşahidə olunur. Bu səbəbdən mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi xüsusi aktuallıq kəsb edir.
"Bu istiqamətdə süni intellekt alətləri, genişləndirilmiş və virtual reallıq texnologiyaları, 3D skanlama, dron texnologiyaları, eləcə də coğrafi informasiya sistemləri mühüm rol oynayır. Bu texnologiyalar mədəni irs ekosistemi üzrə məlumatların sistemləşdirilməsinə, vahid bazada toplanmasına və dərin analitik təhlil aparılmasına imkan yaradır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, nəticədə hansı ərazilərdə mədəni irs abidələrinin daha çox risk altında olduğu, harada dağılma təhlükəsinin yüksək olduğu və autentikliyin itirilməsi ehtimalının mövcudluğu kimi məsələlər daha dəqiq müəyyənləşdirilir. Bu isə avtomatlaşdırılmış qərarvermə mexanizmləri vasitəsilə daha operativ və effektiv addımlar atmağa şərait yaradır. Çünki ənənəvi, manual üsullar bu qədər genişmiqyaslı məlumatı idarə etmək üçün artıq kifayət etmir.
"Ümumilikdə, bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri vahid mədəni irs reyestrinin yaradılması və qabaqcıl texnologiyaların tətbiqidir. Bu yanaşma ənənəvi üsullarla müasir texnologiyaların sintezini təmin edərək mədəni irsimizin daha etibarlı qorunmasına və onun gələcək nəsillərə autentik və orijinal şəkildə ötürülməsinə xidmət edir", - deyə Ayaz Museyibov deyib.