AZAD ƏSGƏROVUN YETİRMƏLƏRİ VƏTƏNƏ ON MEDALLA QAYITMIŞLAR
Bakı, 17 noyabr (AZƏRTAC). Rusiyanın Omsk şəhərində gənclər arasında idmanın təkbətək döyüş növü - pankration üzrə ikinci dünya cempionatı başa çatmışdır. Əsas mükafatlar uğrunda Azərbaycan, Avstraliya, Hindistan, Yunanıstan, Kamerun, Sinqapur, Bolqarıstan, İran, Rusiya, Litva, Latviya, Belarus, Moldova, Gürcüstan, Tacikistan və Qazaxıstandan 200-dən yuxarı idmançı mübarizə aparmışdır.
14-15 yaşlı yeniyetmələr arasında medallar 36, 40, 45, 50, 56, 62, 68 və 68 kq-dan yuxarı çəki dərəcələrində, 16-17 yaşlılar arasında 48, 52, 57, 62, 74, 82 və 82 kq-dan yuxarı çəki dərəcələrində, 18-20 və yuxarı yaşlı gənclər arasında 57, 64, 70, 77, 85, 95, 105 və 105 kq-dan yuxarı çəki dərəcələrində oynanılmışdır.
Yarışlar ilk məğlubiyyətlə mübarizəni dayandırmağı nəzərdə tutan Olimpiya sistemi üzrə keçirilmişdir. Görüşün formulu beş dəqiqə təmiz vaxtdır. Cəmi 33 medal dəsti oynanılmışdır. 10 medal, o cümlədən 2 qızıl, 6 gümüş və 2 bürünc medal ikiqat dünya çempionu, Rusiya çempionu, Pankration Federasiyasının prezidenti Azad Əsgərovun rəhbərlik etdiyi Azərbaycan yığmasının payına düşmüşdür.
Dünyanın ən güclü pankrationçuları tituluna Nazənin Məmmədova (52 kq) və Vüqar Kərimov (57 kq) layiq görülmüşlər. Gümüş medalları Məlik Məmmədov (40 kq), Ziya Fətəliyev (48 kq), Elvin Məlikov (56 kq), Əjdər Mehdizadə (57 kq), Xəyalə Əsgərova (58 kq) və Aslan Rüstəmov (67 kq) qazanmışlar. Bürünc mükafatların sahibi isə İsrafil Musasoylu (52 kq) və İlham Teymurov (79 kq) olmuşlar.
Rusiya yığması qazandığı medallar sayəsində komanda hesabında dünya birinciliyinin qalibi olmuşdur. İkinci yeri Ukrayna, üçüncü yeri isə Azərbaycan atletləri tutmuşlar.