Azər Bayramov: 2022-ci il ölkəmizin iqtisadiyyatı üçün uğurlu olub
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2022-ci il ölkəmizin iqtisadiyyatı üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı hazırlanan qanun layihəsi və hesabat 2022-ci ildə ölkəmizdə formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasında təkmilləşdirilməni, dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, həmçinin digər məsələləri özündə ehtiva edir.
Azər Bayramovun sözlərinə görə, ötən il ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadiyyatda irəliləyiş müşahidə olunub.
Bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 15329,6 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1793,4 milyon manat və ya 13,2 faiz çoxdur.
Qeyd olunub ki, neft sektoru üzrə büdcə gəlirlərinin 51,7 faizini və ya 7923,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 48,3 faizini və ya 7406,6 milyon manatını isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.