AZƏRBAYCAN-ABŞ HƏRBİ ƏMƏKDAŞLIĞININ YENİ SƏVİYYƏSİ
Azərbaycanın və ABŞ-ın hərbi idarələri arasında əməkdaşlıq yeni səviyyəyə qalxmışdır - bunu ABŞ müdafiə nazirinin Avrasiya ölkələri üzrə köməkçisinin müavini xanım Mira Rikardel martın 28-də keçirilmiş mətbuat konfransında bəyan etmişdir. O demişdir ki, müdafiə sahəsində Amerika-Azərbaycan ikitərəfli məsləhətləşmə qrupu çərçivəsində iki gün ərzində keçirilmiş görüşlər uzunmüddətli hərbi əməkdaşlığın bünövrəsini qoymuşdur. Xanım Rikardel bildirmişdir ki, ABŞ “Təhlükəsizliyin təmin edilməsinə yardım” proqramı üçün Azərbaycan Müdafiə Nazirliyinə 4,4 milyon dollar ayırır. Amerika-Azərbaycan hərbi əməkdaşlığı üç istiqamətdə - NATO standartlarına uyğun olaraq, dəniz və hava sərhədlərinin mühafizəsinin, hava gəmilərinin təhlükəsizliyinin gücləndirilməsi, hava məkanının idarə edilməsinin yaxşılaşdırılması, sülhün qorunması tədbirlərinin gücləndirilməsi istiqamətlərində həyata keçiriləcəkdir. Proqram çərçivəsində ixtisasartırma və ingilis dilini öyrənmə kursları keçiriləcək, texniki ekspertlər mübadiləsi aparılacaqdır. Əməkdaşlıqdan məqsəd Qafqazda sülhü və təhlükəsizliyi inkişaf etdirmək, terrorizm təhlükəsini aradan qaldırmaq, ticarət və nəqliyyat dəhlizlərini inkişaf etdirməkdir. Yaxın aylarda ABŞ Silahlı Qüvvələri Avropa komandanlığının və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, ekspertlər öz planlarını hazırlayacaqlar. Bu planlarda birgə fəaliyyətin əsas mərhələləri öz əksini tapacaqdır.
Mətbuat konfransında ABŞ-ın Bakıdakı səfiri Ross Uilson da iştirak etmişdir. Səfir martın 23-də Bakıda keçirilmiş qanunsuz mintinqi ABŞ Dövlət Departamentinin guya dəstəklədiyinə dair müxalifət mətbuatında yayılmış informasiya və müxalifətin gələcəkdə öz qanunsuz aksiyalarının təşkilinə haqq qazandırmaq üçün bu amildən istifadə etməsi barədə AZƏRTAC müxbirinin sualına cavabında demişdir ki, ABŞ həmişə Azərbaycanın müxalif qüvvələrini ölkə Konstitusiyasına əməl etməyə, öz yığıüncaqlarını qanun çərçivəsində keçirməyə çağırmışdır.