AZƏRBAYCAN ALİMİ GÜRCÜSTAN TİBB ELMLƏRİ AKADEMİYASININ HƏQİQİ ÜZVÜ SEÇİLMİŞDİR
AZƏRTAC-ın müxbiri bununla əlaqədar həmyerlimizin həmkarı - Gürcüstan Kurortologiya və Fizioterapiya İnstitutunun direktoru, akademik İoram Tarxan-Mouravi ilə görüşərək, bu barədə öz fikrini söyləməyi xahiş etmişdir. O demişdir: “Əvvəla, qeyd edim ki, həmyerlimiz Əlişir Musayevin (o, əslən Dmanisi rayonundandır) bu ada layiq görülməsi təsadüfi deyildir. Biz onu hələ sovet dövründən görkəmli tibb alimi – reabilitoq və fizioterapevt kimi tanıyırıq. Professor Musayev tibb elminə dəyərli töhfələr verib, 5 ixtira və 4 patentin müəllifidir, onun müalicə üsulları indi nəinki təkcə MDB ölkələrində, həm də bir çox dövlətlərdə tətbiq edilir və bunun sayəsində neçə-neçə insan şəfa tapır”.
İ.Tarxan-Mouravi dostu Ə.Musayevlə Rusiya, Türkiyə, İspaniya, İsrail, İngiltərə, Fransa və başqa ölkələrdə fiziki təbabətə, reabilitasiya və nevrologiyaya dair beynəlxalq konfranslarda birlikdə iştirak etdiyini xatırladı və bildirdi ki, bu forumlarda Azərbaycan aliminin məruzələri həmkarları tərəfindən həmişə müsbət qarşılanmışdır. O, Ə.Musayevin Beynəlxalq Reabilitoqlar və Fizioterapevtlər Assosiasiyasının, Avropa və Ümumdünya nevroloqlar assosiasiyalarının idarə heyətlərinin, xaricdə nəşr edilən bir neçə tibb jurnalının redaksiya şurasının üzvü olmasından, ABŞ Bioqrafik Tədqiqatlar Mərkəzinin “Qold Rekord” medalı ilə təltif edilməsindən iftixarla danışdı.