Azərbaycan alimləri elektron-tibb üzrə onlayn beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan alimləri “GEANT EaPConnect” layihəsinin təşkilatçılığı ilə elektron-tibb üzrə onlayn seminarda təmsil olunublar.
Tədbirə dünya üzrə müxtəlif milli tədqiqat və təhsil şəbəkələrindən təxminən 70-ə yaxın əməkdaş qoşulub. Onlayn iclasda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Məsumə Məmmədova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, eləcə də institutun digər əməkdaşları iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasın keçirilməsində əsas məqsəd e-tibb və GEANT üçün aktual olan mövzular ətrafında müzakirələr aparmaq, eləcə də gələcəkdə bu sahədə kompleks tədqiqat tələb edən məsələləri müəyyənləşdirmək olub.
Tədbirdə müxtəlif tədqiqat və təhsil şəbəkələrindən olan əməkdaşlar təmsil etdikləri şəbəkələrin öz ölkələrində e-tibb üzrə beynəlxalq layihələrə necə dəstək verməsi, gələcəkdə hansı xidmətlərin tətbiq olunacağı və xəstəxanaların COVID-19 pandemiyası dövründə şəbəkələrin hansı xidmətlərindən istifadə etməsi haqqında təqdimatlarla çıxış ediblər.
Qeyd olunub ki, bir sıra GEANT milli tədqiqat və təhsil şəbəkələri e-tibb üzrə layihələri dəstəkləyir və ya müştərilərinə “eHealth” ilə əlaqəli xidmətlər təklif edir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EOSC-Life” layihəsi e-tibb və e-infrastrukturlarla əlaqəli ümumi bir sıra məqamları həll edir.
Onlayn iclasda, həmçinin milli tədqiqat və təhsil şəbəkələrinin e-tibb ilə əlaqədar təşkilatları müəyyən xidmətlər ilə təmin etməsi, şəbəkələrin bu təşkilatlara təhlükəsizliklə bağlı dəstək göstərməsi, onların e-tibb üzrə institutları bulud xidmətləri ilə təmin etməsi və e-tibdə əsas çağırışlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.