Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə etmişlər



Bakı, 13 sentyabr (AZƏRTAC). Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə etmişlər.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, dərman və ətir keyfiyyətinə malik, bədxassəli şişlərə və orqanizmdə yaranan pozuntulara qarşı yüksək aktivliyi ilə seçilən bu bitki növünün çoxalma üsulları işlənib hazırlanmışdır. Tədqiqatlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi İlə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu tərəfindən “Zəfəranın biotexnoloji çoxalma üsullarının işlənib hazırlanması” adlı ikiillik qrant layihəsi çərçivəsində həyata keçirilmişdir.
Layihənin rəhbəri, institutun biomühəndislik və biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri namizədi Tofiq Qaragözov bildirmişdir ki, hazırda dünyada ildə 170-300 tonadək zəfəran məhsulu alınmasına baxmayaraq onun əkildiyi sahələrin məhdudlaşması, yoluxucu bakterial xəstəliklərin çoxluq təşkil etməsi məhsulun 50 faiz itkisinə səbəb olur. Nəticədə bitkiyə tələbat daha da artır. Materialın virusdan təmizlənməsinə nail olmaq və yaranmış ehtiyacı ödəmək layihənin əsas məqsədidir.
Tədqiqatların nəticəsində soğanağın müxtəlif hissələrindən götürülən toxumaların süni qida mühitində əkilərək çoxaldılması mümkün olmuşdur. Belə ki, 2-3 millimetr qalınlığı olan zəfəran soğanağının diskvarı kəsikləri müxtəlif tərkibli süni qidalanma şəraitində əkilmiş və xeyli sayda zəfəran soğanaqları əldə olunmuşdur. Alimin sözlərinə görə, təbii yolla bir soğanaqdan bir zəfəran əmələ gəlirdisə, bu üsulla 5 aya yüzlərlə zəfəran yetişdirmək mümkün olacaqdır.