Azərbaycan arxeologiyasının nəzəri məsələləri müzakirə edilib
Bakı, 1 may, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində videokonfranslar davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti videokonfransda Azərbaycan arxeologiyasının nəzəri məsələləri müzakirə edilib. “Qafqazda e.ə. II - I minilliklərdə mədəni - tarixi proseslər: ətraf bölgələrin təsiri, sosial quruluş və dini inanclar” mövzusu ölkəmizin qədim dövr tarixinin ən əhəmiyyətli mərhələlərini özündə əks etdirir.
Tədqiqatçılar Orta Tunc dövrü, Son Xocalı-Gədəbəy mədəniyyəti və Antik dövrün problemlərinə aid mövzuları müzakirə edib və Azərbaycan arxeologiyasının yeni tədqiqat mövzularına ehtiyac olduğunu bildiriblər. Videokonfrans iştirakçıları son illərin tədqiqat işlərindən əldə olunmuş nəticələri əsas götürməklə bir sıra yeni mövzuların gündəmə gəlməsini və abidələrin arxeoloji cəhətdən öyrənilməsi işlərinə münasibətin köklü şəkildə dəyişdirilməsini xüsusilə vurğulayıblar. Videokonfrans iştirakçıları müasir arxeologiya elminin tələbləri fonunda radiokarbon tarixlər seriyasının yaradılması, paleometal, paleoantropoloji, palinoloji, arxeogenetik və digər arxeometrik sahələr üzrə tədqiqatlar istiqamətində araşdırmaların intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.
Belə ki, maddi mədəniyyət abidələrinin tədqiqi e.ə. II-I minilliklərdə Azərbaycan ərazisində zəngin mədəni və siyasi baxımdan əhəmiyyətli proseslərin baş verdiyini göstərir. Bu baxımdan dövrün inzibati idarəçiliyi, vahid dini inanclar sistemi və hərb işinin prioritet olması barədə geniş məlumatların əldə edilməsi aparılmış araşdırmaların əsas nəticələri olub.