İDMAN
Azərbaycan atleti Valentin Xristov ikiqat Avropa çempionu olmuşdur
Bakı, 10 aprel (AZƏRTAC). Albaniyanın paytaxtı Tiranada kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, çempionatda ilk medalı milli komandamıza Silviya Angelova (48 kq) qazandırmışdır. Atletimiz yarışın gümüş medalı ilə kifayətlənmişdir.
Digər atletlərimiz Valentin Xristov və Zülfüqar Süleymanov (62 kq) uğurla çıxış etmişlər. Ötən il Türkiyənin Antalya şəhərində keçirilən qitə birinciliyində 56 kiloqram çəki dərəcəsində çempion olan Valentin Xristov Tiranada bütün rəqiblərini qabaqlayaraq ikiqat Avropa çempionu olmuşdur.
Uzun müddət diskvalifikasiya üzündən yarışlardan kənar qalan Zülfüqar Süleymanov çempionatın bürünc medalını qazanmışdır. Qeyd edək ki, 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında üçüncü olan Z.Süleymanov, bir il sonra Minskdəki qitə birinciliyində gümüş medala sahib olmuşdu.