AZƏRBAYCAN AVROPA İTTİFAQINA SÜRƏTLƏ İNTEQRASİYA EDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov avqustun 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi elçisi Peter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir bildirmişdir ki, Azərbaycan Respublikası Avropa İttifaqına və digər regional təşkilatlara ardıcıl olaraq inteqrasiya edir və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görür. Bu baxımdan, Daxili İşlər Nazirliyinin qarşısında duran vəzifələrdən biri də polisin fəaliyyətinin milli qanunvericiliyə əsaslanaraq beynəlxalq, o cümlədən Avropa standartlarına uyğun təkmilləşdirilməsidir.
Qeyd olunmuşdur ki, Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” çərçivəsində Azərbaycanla əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi, ölkəmizin Avropaya inteqrasiyasının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Prezidenti 2005-ci il iyunun 1-də Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalamışdır. Həmin komissiyanın üzvü olduğunu xatırladan Ramil Usubov, Sərəncama əsasən, komissiyaya əməkdaşlıq sahələrini əhatə edən Fəaliyyət Planının hazırlanmasının və digər sahələrlə yanaşı, təhlükəsizlik, insan hüquqları və demokratikləşdirmə məsələləri üzrə işçi qrupların yaradılmasının tapşırıldığını, bu istiqamətdə uğurlu nəticələr əldə olunduğunu nəzərə çatdırmışdır.
Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, müasir təhdid və çağırışlarla mübarizə, o cümlədən insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahələrində uğurlu nailiyyətlərin əldə olunduğu, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Avropa İttifaqının bir sıra dövlətləri ilə əlaqələrin qurulması istiqamətində müəyyən işlər görüldüyü vurğulanmışdır.
Oktyabrda keçiriləcək Prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışan daxili işlər naziri qeyd etmişdir ki, prezident seçkilərinin azad, ədalətli və demokratik şəraitdə keçirilməsi üçün hüquq mühafizə orqanlarının qarşısında qanunla müəyyənləşdirilmiş vəzifələr qoyulmuşdur və şəxsi heyət həmin məsul vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tam səfərbər olunmuş, lazımi təlimatlar verilmişdir.
Seçki kampaniyası dövründə və seçki günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının pozulmasının, seçki komissiyalarına və onların üzvlərinə təzyiq və təsir göstərilməsinin, habelə digər hüquqazidd hərəkətlərin qarşısının alınması və aradan qaldırılması ilə bağlı aidiyyətli dövlət qurumları ilə yanaşı, daxili işlər orqanları da çox vacib və əhəmiyyətli vəzifələri yerinə yetirir. Bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun, sabitlik və əmin-amanlıq şəraitində keçməsinin, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsinin əsas amillərdən olan ictimai asayişin etibarlı qorunması ilə əlaqədar daxili işlər orqanlarının qanunla müəyyən edilmiş vəzifələrinin layiqincə yerinə yetirilməsinin təşkili məqsədi ilə xüsusi Tədbirlər Planı hazırlanmışdır.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Peter Semnebi Azərbaycanın Avropa İttifaqına sürətlə inteqrasiya etməsindən məmnunluq ifadə etmişdir.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.