Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumlarının büdcəsi və ştat cədvəli təsdiq edilib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumlarının 2019-cu il üzrə büdcəsi və ştat cədvəli təsdiq olunub.
ABA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib, assosiasiyanın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasın gündəliyinə ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, ekspert qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, assosiasiyanın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, törəmə qurumların 2019-cu il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.
İclasda ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq olunub. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Həmçinin ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsi və ştat cədvəli təsdiq edilib.
İclas zamanı Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvü, “Kapital Bank” ASC-nin əməkdaşı Arif Mehdiyev “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri”nin hazırlanmasında fəal iştirakına görə “Hüquqi məsələlər üzrə Ekspert Qrupunun fəaliyyətinə aktiv dəstəyə görə” nominasiyası üzrə təltif edilib.
Qeyd edək ki, 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilən ABA-ya hazırda 29 bank və 4 qeyri-bank təşkilatı üzvdür.