AZƏRBAYCAN BƏSTƏKARI QARA QARAYEVİN YUBİLEYİ BELARUSDA TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR
AZƏRTAC ölkəmizin Belarusdakı səfirliyinə istinadla xəbər verir ki, Azərbaycanın böyük bəstəkarı, Dövlət və Lenin mükafatları laureatı, SSRİ xalq artisti, akademik Qara Qarayevin anadan olmasının 90 illik yubileyi Belarus Dövlət Filarmoniyasında təntənə ilə qeyd edilmişdir.
Ölkəmizin Belarusdakı səfirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Belarus mədəniyyət nazirinin birinci müavini V.Rilatko açaraq xalqlarımız arasında mədəni əməkdaşlığın mövcud vəziyyətindən danışmışdır.
Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığa diqqətin artırılmasında dövlət başçılarının böyük rolunu vurğulamışdır. O, Belarus musiqisevərlərinin və diaspor nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında görkəmli şəxsiyyətlərimizin, o cümlədən Qara Qarayevin xidmətlərindən danışmışdır.
Sonra konsert olmuşdur. Konsertdə Azərbaycan xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu ilə Belarus Dövlət Akademik Simfonik Orkestrinin ifasında Qara Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” və “İldırımlı yollarla” əsərlərindən parçalar səslənmişdir.
Tədbir iştirakçıları filarmoniyanın foyesində Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən sərgi ilə də tanış olmuşlar.