AZƏRBAYCAN BEYNƏLXALQ MİQYASLI TƏŞƏBBÜSƏ QOŞULMUŞDUR
Fondun sədri Samir Şərifov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mineral ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmuşdur. Bu təşəbbüsü ilk dəfə Böyük Britaniyanın baş naziri Toni Bleyer 2002-ci ilin sentyabr ayında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə Dünya Sammitində irəli sürmüşdür. Təşəbbüsdən əsas məqsəd mineral ehtiyatların hasilatı ilə məşğul olan ölkələrdə bu sahədən gələn gəlirlər və ödənişlər üzərində şəffaflığın artırılmasından ibarətdir. Azərbaycan hökuməti həmin təşəbbuslə bağlı öz üzərinə müəyyən öhdəliklər götürmüş və onları həyata keçirmək üçün müvafiq komissiya yaratmışdır. Hazırda dünyada şəffaflıq prosesi gedir. Bizim ölkəmiz də bu prosesdən kənarda qalmamışdır, əksinə, onun fəal iştirakçısıdır.
Sədr demişdir ki, Dövlət Neft Fondu təsis edilən gündən onun yaradıcısı, Prezident Heydər Əliyev tərəfindən şəffaflıq məsələsi barədə xüsusi tapşırıqlar verilmişdi. Biz üçillik fəaliyyətimiz dövründə həmin tövsiyələri layiqincə yerinə yetirməyə çalışmışıq. Hazırda xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikasına ödənilən bonuslar və digər ödənişlər barədə mütəmadi məlumatlar verilir, Fonda daxil olan vəsaitlər barədə illik hesabatlar dərc olunur. Fondun fəaliyyəti beynəlxalq auditorlar tərəfindən yoxlanılır və nəticələr mətbuatda dərc edilir.
S.Şərifovun dediyinə görə inkişaf etmiş ölkələr mineral sahələrdə çalışan öz şirkətləri, qeyri-hökumət təşkilatları isə fond birjalarında qeydiyyatdan keçən şirkətlər qarşısında şəffaflıq baxımından sərt tələblər qoymuşlar.
Fondun sədri bu ilin iyulunda Londonda dünyanın 31 dövlətinin, mədən hasilatı sahəsində fəaliyyət göstərən nüfuzlu özəl şirkətlərin, beynəlxalq maliyyə təsisatlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının, transmilli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin təmsil olunduğu “Mineral ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü” adı altında keçirilmiş beynəlxalq konfransda İlham Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyini xatırladaraq bildirmişdir ki, Prezidentin tapşırığına əsasən, Nazirlər Kabinetinin 2003-cü il 13 noyabr tarixli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır.
Fond sədrinin sözlərinə görə, Komissiya respublikada mineral ehtiyatların istismarı ilə əlaqədar daxilolmalar və digər ödənişlər haqqında toplanmış məlumatlar əsasında ümumölkə hesabatını tərtib etməli və həmin hesabatlar mətbuatda dərc olunmalıdır. Eyni zamanda, Sərəncamda göstərildiyi kimi, Komissiyanın fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılması məqsədi ilə İnternet saytı yaradılmalıdır.
Axırda S.Şərifov jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir.