SİYASƏT
AZƏRBAYCAN BEYNƏLXALQ ÖHDƏLİKLƏRİNƏ SADİQDİR
Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litva Respublikasının xarici işlər naziri cənab Antanas Valionis ədliyyə naziri Fikrət Məmmədov tərəfindən qəbul edilmişdir.
Qonağı səmimi salamlayan ədliyyə naziri Azərbaycanda həyata keçirilən və bilavasitə insan hüquqlarının müdafiəsinə xidmət edən hərtərəfli demokratik, o cümlədən məhkəmə-hüquq islahatı, müstəqil məhkəmə hakimiyyətinin bərqərar olunması barədə məlumat vermiş, bu islahatların həyata keçirilməsində Avropa Şurası ilə əməkdaşlığın müntəzəm xarakter aldığını vurğulamış, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrin və Avropa konvensiyalarının milli qanunvericiliyimizdə implementasiyası məsələlərinə, insan haqlarının qorunması sahəsində görülən məqsədyönlü tədbirlərə toxunmuş, ölkəmizdə ilk dəfə olaraq Ombudsman institutunun təsis edilməsinin əhəmiyyətini vurğulamışdır.
Qəbul zamanı Avropa Şurası qarşısında öhdəlikləri Azərbaycanın hələ bu təşkilata üzv qəbul edilməsi prosesində yerinə yetirməyə başlaması, demokratik prinsiplərə və humanist dəyərlərə daim sadiqlik nümayiş etdirilərək, ölkəmizin Prezidenti cənab Heydər Əliyev tərəfindən təkcə son illər ərzində 2600-dən çox məhkumun, o cümlədən Azərbaycan dövlətçiliyi əleyhinə cinayətlər törətmiş şəxslərin əfv olunması, 64 min şəxs barədə amnistiya tətbiq edilməsi bildirilmiş, penitensiar sistemin islahatının müsbət nəticələrinin beynəlxalq təşkilatlar və nüfuzlu xarici hüquq müdafiəçiləri tərəfindən də etiraf olunması vurğulanmışdır.
Görüşdə Azərbaycanla Litvanın Avropa ailəsinin tamhüquqlu üzvü kimi səmərəli əməkdaşlığı qeyd edilmiş, ötən il ölkələrimizin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin imzalanması və səmərəli təcrübə mübadiləsinin aparılması, ölkəmizin Prezidenti tərəfindən verilmiş səlahiyyətə müvafiq olaraq Azərbaycan ədliyyə naziri tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” və “Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün verilməsi haqqında” Litva ilə ölkələrimizin dövlətlərarası səviyyədə ilk müqavilələrinin bağlanması məmnuniyyətlə xatırlanmış, əməkdaşlığın daha da inkişafının əhəmiyyəti vurğulanmışdır.
Səmimi qəbula və təqdim edilmiş materiallara görə minnətdarlığını bildirən qonaq Azərbaycanda aparılan demokratik islahatları, Avropa Şurası qarşısında öhdəliklərin icrası üzrə görülmüş işləri yüksək qiymətləndirmiş, həyata keçirilən tədbirlərin Azərbaycan dövlətinin iradəsini əks etdirdiyini, ölkələrimizin ədliyyə nazirlikləri arasında əməkdaşlığın hüquqi sahədə dövlətlərarası münasibətlərin inkişafına da təkan verdiyini vurğulamışdır.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə Litva və Azərbaycan Xarici İşlər Nazirliklərinin və Avropa Şurasının məsul işçiləri, həmçinin Litvanın ölkəmizdə akkreditə olunmuş səfiri xanım Qalina Kobeskaite və ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişlər.