AZƏRBAYCAN-BOLQARISTAN SƏNƏDLƏRİNİN İMZALANMASI
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında Birgə Bəyannamə imzaladılar.
Şəki (Azərbaycan Respublikası) və Qabrovo (Bolqarıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında birgə bəyannaməni Azərbaycan tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, Bolqarıstan tərəfindən Qabrovo Şəhər İcra Hakimiyyətinin başçısı Boqomil Belçev imzaladılar.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov və Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və Bolqarıstan Teleqraf Agentliyi (BTA) arasında əməkdaşlıq haqqında sazişi imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında səhiyyə və tibb elmi sahəsində sazişi Azərbaycan tərəfindən səhiyyə naziri Əli İnsanov, Bolqarıstan tərəfindən səhiyyə nazirinin müavini Lyubomir Kumanov, Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respubilkası hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Fərhad Əliyev, Bolqarıstan tərəfindən Baş nazirin müavini, nəqliyyat və kommunikasiya naziri Nikolay Vasilyev imzaladılar.
Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Bolqarıstan Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Nikolay Vasilyev ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının ikinci iclasının protokolunu, Azərbaycan Respubilkası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında ticarət gəmiçiliyi haqqında sazişi, Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında sazişi imzaladılar.
Sənədlərin imzalanması mərasimində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstanın Bakıdakı səfiri İvan Palçev, nazirlər, komitə rəhbərləri, Bolqarıstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.