İQTİSADİYYAT
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu danılmaz bir həqiqətdir ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarix Zəfərlə yeni reallıqlar yaradıb. Bu reallıqların mərkəzində isə Azərbaycanın regionda lider dövlət olması dayanır. Həmçinin etibarlı tərəfdaş olan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malik ölkə kimi ön sıradadır.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin ölkəmizin əhəmiyyətli beynəlxalq tədbirlərə dəvət edilməsi Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir. Bütün bunların fonunda onu da deyə bilərik ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almaqdadır.
“Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Petr Fialanın və Aİ Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri və "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirakı da deyilənlərin növbəti sübutudur. Bu səfər və ali tədbirdə iştirak dünya düzənində Prezident İlham Əliyevin şəxsiyyətinə hörmətin, mühüm məsələlərin həllində onun mövqeyinin və rəyinin nəzərə alınmasının növbəti təzahürüdür. Görünən odur ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqlar, həmçinin dövlətimizin başçısının Azərbaycanın milli maraqlarının müdafiəsi, beynəlxalq əlaqələrinin genişlənməsi və münasibətlərinin inkişafı istiqamətində məqsədyönlü siyasət həyata keçirməsi öz sözünü deyir. Artıq dünya birliyi nəinki indiyə qədər mövcud olan hansısa qurumların tədbirlərinə dəvət məsələsində Azərbaycanı ilk sırada görür, hətta yeni siyasi və iqtisadi birliklərin, təşkilatların yaranması ilə bağlı məsələlərdə də ölkəmiz dəvətlilər sırasında öndə dayanır. Necə deyərlər Azərbaycanla artıq beynəlxalq müstəvidə hesablaşırlar. Ölkəmizin mövqeyini nəzərə alırlar və Prezident İlham Əliyevin timsalında Azərbaycana xüsusi hörmətlə yanaşırlar”, - deyə Vüqar İskəndərov vurğulayıb.