AZƏRBAYCAN DEMOKRATİYA YOLUNU ÖZÜ, XALQIN İRADƏSİ İLƏ SEÇMİŞDİR
irs haqqında düşünərkən” kitabı Azərbaycan dilində
çapdan çıxmışdır
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin 2007-ci ildə rus dilində nəşr olunmuş “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabı “Şərq-Qərb” nəşriyyatında Azərbaycan dilində çapdan buraxılmışdır.
Dörd fəsildən və geniş “Sözardı əvəzi” bölməsindən ibarət olan bu fundamental tədqiqat əsərinin əvvəlində müəllif əsas məqsədini ifadə edərək yazır ki, bu kitab bəşəriyyətin inkişaf tarixində demokratiyanın rolunu və yerini təhlil etmək imkanı, sivilizasiyalı dünyanın daim “xalq hakimiyyəti”nə doğru irəliləməsini göstərmək cəhdi, milli demokratik tranzitin elmi tədqiqinə təşəbbüs və nəhayət, Azərbaycanın ictimai-siyasi perspektivlərinə qısa futuroloji baxışdır.
Müəllif vurğulayır ki, 2003-cü ilin oktyabrındakı növbəti prezident seçkilərindən sonra ölkəmizin həyatının bütün sahələrində əhəmiyyətli irəliləyişlər olmuş, mütərəqqi meyillər daha da inkişaf etmiş, demokratikləşmə prosesi isə daha intensiv xarakter almışdır. Aydın olmuşdur ki, Azərbaycan demokratik transformasiya və sivilizasiyalı birliyə inteqrasiya yoluna möhkəm və həmişəlik qədəm qoymuş, Yeni Dünya Nizamı sistemində özünü inamlı hiss etmiş, qloballaşan dünyanın çağırışlarına cavab verməkdən ötrü özünə yeni imkanlar açmışdır. Şübhəsiz ki, belə bir şəraitdə demokratiya, ictimai və siyasi quruluşun daha mükəmməl səviyyəsi, texnoloji və iqtisadi inkişaf uğrunda, informasiya cəmiyyəti yaradılması uğrunda dünyada gedən yarışda müstəqil Azərbaycanın hansı yeri tutacağı hər birimizi çox maraqlandırır.
Azərbaycanın həyatının bütün sahələrində köklü dəyişikliklərin baş verməsi göz qabağındadır və akademik Ramiz Mehdiyevin yazdığı kimi, həmin dəyişikliklərin dərin mənası məhz əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizi sivilizasiyalı inkişafın magistral yoluna çıxaracaq islahatlar strategiyasındadır. Ölkənin daxili və xarici inkişafı ilə bağlı problemlərin qlobal ümumbəşəri problemlərlə vəhdət şəklində dərk olunması üçün həmin dəyişikliklər konstruktiv müzakirə və mübahisələr aparılmasını tələb edir. Müəllifin araşdırdığı məsələlərin seçimini və mövzudan asılı olaraq, şərhin formasının dəyişməsini də bu niyyət müəyyənləşdirir.
Kitabda ölkəmiz üçün taleyüklü məsələlər sırasında enerjili, iradəli gənc liderin başçılığı ilə güclü Azərbaycan dövlətinin yaradılması məsələsi xüsusi vurğulanır. Çünki məşhur Amerika filosofu F.Fukuyamanın dediyi kimi, “zəif, səriştəsiz və ya mövcud olmayan hökumətlər xüsusən inkişaf etməkdə olan dünyada ciddi problemlərin mənbəyidir”. Başqa sözlə, hər bir ölkədə sosial-iqtisadi və siyasi problemlərin çoxu dövlətin zəifliyi və tənəzzülündən doğur. Azərbaycan Prezidenti İlham Əliyevin kitaba epiqraf kimi seçilmiş aşağıdakı sözləri bunu bir daha təsdiqləyir: “Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur”.
“Demokratiya” anlayışının tarixi çox qədimlərə gedib çıxır. Lakin indiki yüzillikdə demokratiya ideoloji silaha çevrilmişdir və ilkin mənasından çıxarılaraq, yeni dünya nizamı yaradılması müstəvisinə keçirilmişdir. Buna münasibətini bildirən müəllif yazır: “Tez-tez eşidirik ki, bu və ya digər dövlət “hamılıqla qəbul edilmiş demokratik standartlar”a uyğun gəlmir, yaxud müəyyən məkanda bərqərar olmuş “demokratiyanın səviyyəsi”ndən kənara çıxır. Bununla yanaşı, formalaşmaqda olan dünyada bəzi dövlətlər həmin bu “hamılıqla qəbul edilmiş standartlar”ın bir növ “müəllifləri” rolunda çıxış edirlər... Demokratiyanın nə olduğunu və onu bəşəriyyəti əsrlər boyu cəlb edən ictimai-siyasi quruluşun mötəbər təcrübəsinə məhz nəyin çevirdiyini xalqlar özləri müəyyənləşdirməlidir”.
Akademik Ramiz Mehdiyev bu əsərində postsovet məkanında yaranmış müstəqil dövlətlərdə gedən dəyişikliklər kontekstində islahatlardan da ətraflı bəhs edir və belə bir qənaətə gəlir ki, cəmiyyətin demokratikləşməsi və islahatların aparılması vəhdət təşkil edən proseslərdir. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması ölkəni hərtərəfli inkişaf etdirir və daxili sabitliyi möhkəmləndirir. Daxildə möhkəm ictimai-siyasi sabitliyin bərqərar olması isə dövlətin gücünü təmin edir, beləliklə, davamlı demokratik inkişaf üçün imkan yaranır. Müəllif vurğulayır ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdışından sonra məhz bu prioritet yeni dövlətçilik qurulmasının əsası kimi qəbul edilmiş, Azərbaycanın dərin islahatlar və dəyişikliklər yoluna qədəm qoymasına imkan vermişdir.
Kitabda müasir cəmiyyətin inkişafının ən müxtəlif problemlərinə, demokratik rejimlərin tipologiyasına, hakimiyyətin inqilabi yolla dəyişdirilməsi mexanizmlərinə, Qərbi Avropanın və postsovet məkanının bəzi ölkələrində “rəngli inqilablar”ın təhlilinə geniş yer ayrılmışdır. Biz burada 2005-ci ildə Azərbaycanda parlament seçkiləri zamanı ölkədəki vəziyyətin təhlili və arzusunda olduqları “inqilaba” hətta rəng seçməyə də qabiliyyəti çatmayan, kənardan idarə edilən radikal müxalifətin xülyalarının puça çıxmasının səbəbləri ilə də tanış oluruq. Akademik Ramiz Mehdiyev yazır ki, cəmiyyət tərəfindən iqtidara etimad göstərilməsi və hakimiyyəti ələ keçirmək istəyənlərin kütləvi dəstəyinin olmaması 2005-ci ildə Azərbaycandakı siyasi proseslərin inkişafını müəyyənləşdirən əsas amillər idi. Məhz bunun nəticəsində radikal müxalifətin növbəti avantürası iflasa uğradı və ümumən postsovet məkanında “rəngli inqilablar” eyforiyasına son qoyuldu.
Müəllif əsərin sonunda deyir ki, bu kitabda bir sıra məsələlərə, xüsusən Azərbaycana aid məsələlərə toxundum. İndiki iqtidar bunlara cavab verə biləcəkmi, sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq? Özü də cavab verir: Bəli, düşünürəm ki, biləcək. Prezident İlham Əliyevin aşağıdakı sözləri bunu bir daha təsdiq edir: “Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Hər bir istiqamət üzrə bizim proqramlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq və Azərbaycan xalqı bundan sonra daha da yaxşı yaşayacaqdır”.
Çoxsaylı mənbələrdən götürülmüş faktik materialların, müxtəlif elmi-nəzəri təlimlərin və dünyabaxışlarının, müasir dövrün məşhur siyasətçiləri və dövlət xadimlərinin fikirlərinin sistemləşdirildiyi və geniş ümumiləşdirmələrin aparıldığı bu əsər bir də ona görə çox qiymətlidir ki, akademik Ramiz Mehdiyev uzun illərdir dövlət idarəçiliyi işində səmərəli fəaliyyət göstərir (yeri gəlmişkən, o, Həqiqi Dövlət müşaviridir), bir sıra tarixi hadisələrin bilavasitə iştirakçısı və şahididir. Rusca nəşrinin çapdan çıxdığı vaxtdan elmi dairələrin və ümumiyyətlə, geniş ictimaiyyətin maraqla qarşıladığı bu sanballı tədqiqat əsəri, heç şübhəsiz, gələcəkdə bu sahədə aparılacaq yeni-yeni araşdırmalar üçün istiqamətverici rol oynayacaqdır.
