Azərbaycan Diabet Liqası “Azercell” şirkətinin işçiləri üçün pulsuz müayinə keçirmişdir
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Diabet Liqası (ADL) aprelin əvvəlindən başlayaraq həyata keçirdiyi “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın təminatıdır” adlı layihəni uğurla davam etdirir.
ADL-dən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində növbəti tədbir “Azercell Telekom” MMC-nin binasında işçi heyəti üçün keçirilmişdir.
Tədbirdə çıxış edən Respublika Endikrinoloji Mərkəzinin direktor müavini, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova bildirmişdir ki, hazırda dünyada 380 milyon insan şəkərli diabet xəstəsidir. Azərbaycanda bu xəstələrin sayı 200 min nəfərdən çoxdur. Bu xəstəlik qlobal problem olaraq qalır. Diabet xəstələrinin sürətli artımı, yaratdığı tibbi, sosial, iqtisadi və psixoloji problemlər bütün dünya ölkələrini və onun səhiyyə sistemini çətinlik qarşısında qoyur. Ona görə də bu xəstəliyin və onun fəsadlarının qarşısının alınması məqsədilə müxtəlif yollar araşdırılır. Bu yollardan biri diabetönü vəziyyətin erkən aşkarlanması və tibbi yardım göstərməklə onun qarşısının alınması, digəri xəstəliyin özünü erkən aşkarlamaqla ağır fəsadlarının qarşısının alınması, həmçinin əhali və risk qrupuna aid olanlar arasında maarifləndirmə işinin aparılmasıdır.
ADL-in də fəaliyyətə başladığı gündən bəri əsas məqsədi şəkərli diabet xəstəsi olan insanların həyat keyfiyyətini yüksəltmək və əhalinin sağlamlığını mühafizə etməkdən ibarət olmuşdur. Artıq bu missiyaya uyğun olaraq 60-dan çox müxtəlif layihələr, aksiyalar keçirilmişdir. ADL-in missiyasına uyğun olaraq bu il aprelin 7-dən başlayan növbəti xeyriyyə aksiyası əhali arasında diabetin erkən aşkarlanması ilə əlaqədar “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın təminatıdır” adlı yeni bir layihədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəyə maliyyə yardımı edir. Həmçinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Endikrinoloji Mərkəzinin təcrübəli heyəti də layihənin əsas təşkilatçılarındandır.
Layihəyə əsasən, ölkəmizdə müxtəlif sahələri əhatə edən dövlət və özəl sektorlarda çalışan əməkdaşlar könüllü şəkildə işdən yayınmadan şəkərli diabetlə bağlı yerindəcə müayinə olunurlar. Bundan sonra isə qanda qlükozanın səviyyəsinin normadan artıq olduğu aşkarlanan xəstələrin qeydiyyatı aparılır və onlara lazımi məsləhətlər verilir, həmçinin əgər daha dərin müayinəyə ehtiyac olarsa, xəstəyə müayinəni Respublika Endikrinoloji Mərkəzində davam etdirmək şəraiti yaradılır.
Sonra “Azercell Telekom” MMC-nin işçiləri həkim qrupu tərəfindən müayinə olunmuşlar. 170 nəfər əməkdaşda qanda şəkərin müayinəsi aparılmışdır. Digər 153 nəfər işçi qrupu isə qalxanvarı vəzin müayinəsindən keçirilmişdir.
“Azercell Telekom” MMC-nin işçi heyəti üçün keçirilən dörd günlük xeyriyyə tədbiri mayın 8-də başa çatmışdır.