SİYASƏT
AZƏRBAYCAN DİASPORU DÖVLƏT DUMASI İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR
Aprelin 8-də Moskvada, Ümumrusiya Azərbaycan Konqresinin icra aparatında Rusiya Avrasiya Partiyasının rəhbərliyi ilə görüş keçirilmişdir. Partiyanın lideri, Dövlət Dumasının deputatı, “Avrasiya” fraksiyalararası deputat birliyi şurasinin sədri Əbdül-Vadeh Niyazov və Konqresin rəyasət heyətinin üzvü, icraçı direktoru Zeynal Nağdəliyev təşkilatlarının fəaliyyəti, onların əməkdaşlıq perspektivləri, ÜAK və Rusiya Avrasiya Partiyası üzvlərinin birgə tədbirlərdə iştirakının mümkünlüyü barədə informasiya mübadiləsi aparmışlar. RF ərazisində yaşayan insanların vətəndaş hüquqlarının qorunmasında bu təşkilatların səylərinin əlaqələndirilməsi məsələləri də müzakirə edilmişdir.
A.Niyazov görüş iştirakçılarına partiya quruculuğu prosesi, Avrasiya Partiyasının aprelin 27-də keçiriləcək qurultayına hazırlığın gedişi barədə məlumat vermişdir.
Z.Nağdəliyev isə Konqresin gördüyü işlərdən danışaraq vurğulamışdır ki, Rusiyanın artıq 54 regionunda ÜAK-ın yerli şöbələri var və onlar uğurla fəaliyyət göstərirlər. O, Konqresin Avrasiya Partiyası ilə bütün səviyyələrdə əməkdaşlığa hazır olduğunu bildirmişdir. Tərəflər onları maraqlandıran məsələlərə dair müntəzəm surətdə məsləhətləşmələr aparmaq barədə razılığa gəlmişlər.
Asya HACIZADƏ
AzərTac-ın xüsusi müxbiri
Moskva