Azərbaycan diasporunun rəhbəri Novoçeboksarsk Şəhər Administrasiyası başçısının təşəkkürnaməsi ilə təltif edilib
Moskva, 30 yanvar, AZƏRTAC
Rusiyanın Çuvaşiya Respublikasının Novoçeboksarsk şəhərində “Novoçeboksarsk xalqların və mədəniyyətlərin birliyi şəhəridir” festivalı keçirilib.
Rusiya Dövlət Dumasının deputatı Nikolay Malov, Çuvaşiya Respublikası Nazirlər Kabineti Sədrinin müavini, Səhiyyə naziri Vladimir Viktorov, Novoçeboksarsk şəhərinin başçısı Oleq Matveyev tədbir iştirakçılarını və qonaqları salamlayaraq, onları ənənəvi festival münasibətilə təbrik ediblər. Onlar bildiriblər ki, Çuvaşiyada yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələrini, mədəniyyətlərini və özünəməxsusluqlarını qoruyub saxlaya biliblər.
Elə həmin gün regionun müxtəlif diaspor təşkilatlarının fəal üzvlərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan diasporu təşkilatının rəhbəri Mübariz Süleymanov Novoçeboksarsk Şəhər Administrasiyası başçısının təşəkkürnaməsi ilə təltif edilib.
Gecə konsert proqramı ilə davam edib. Səhnədən müxtəlif dillərdə mahnılar səslənib. Şəhərin və qonşu respublikaların xoreoqrafiya kollektivləri xalq rəqslərinin bütün gözəlliyini və özünəməxsusluğunu tamaşaçılara nümayiş etdirib. Artistlər novoçeboksarsklılara və şəhərin qonaqlarına Azərbaycan, Gürcüstan, Mordoviya və Mari El haqqında gözəl mahnılar ifa ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva