Azərbaycan Dillər Universiteti ilə Çin İctimai Elmlər Akademiyası arasında əməkdaşlıq genişlənir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) professor və müəllimləri, bu ali məktəbin nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Dinləri İnstitutunu, Çin Fəlsəfə İnstitutunu və Çinin Sərhədyanı Ərazilərin Tədqiqatı İnstitutunu təmsil edən alimlərdən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ÇİEA-nın akademiki Vey Daoju, Çin Fəlsəfə İnstitutunun direktor müavini Tsuy Veyxan təmsil olunduqları elmi qurumların fəaliyyətindən danışıblar. Onlar ADU ilə elmi əməkdaşlığa böyük maraq göstərdiklərini vurğulayıblar.
Sonra ADU-nun fəlsəfə və ictimai elmlər kafedrasının professoru Əli Məmmədov, regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, beynəlxalq münasibətlər departamentinin müdiri Nigar Soltanova elmi işlərindən söz açıblar.
Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov isə Çinin “Bir kəmər - bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşən Konfutsi İnstitutunun elmi-tədqiqat fəaliyyəti, Çinin fəlsəfə və tarixinə dair tələbə seminarlarının mövzusu barədə qonaqlara məlumat verib.
Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivləri və birgə layihələrin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində çapdan çıxmış Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.