Azərbaycan Dillər Universitetində autizm problemlərinə dair maarifləndirici tədbir təşkil olunub
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda toplantı keçirilib. Tədbir ADU-nun mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov bu kimi maarifləndirici tədbirlərin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayeva Dünya Autizm Məlumatlandırma Günü haqqında məlumat verib. O, əsrin ən qlobal problemlərindən biri hesab edilən autizmdən dünya əhalisinin təxminən bir faizinin əziyyət çəkdiyi və son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbirdə, həmçinin “Azərbaycanda autizm problemi”, “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası və sağlamlığın qorunması”, “Autizmdə psixoloji inkişaf”, “Autizm məktəbəqədər dövrdə” mövzularında çıxışlar dinlənilib.
Sonra tələbələrin sualları cavablandırılıb.