ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Çin intellektual rinq” adlı onlayn oyun təşkil edilib
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin Xalq Azadlıq Ordusunun yaranmasının 93-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin 102 illiyinə həsr olunmuş “intellektual rinq” adlı onlayn oyun təşkil edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-nun çinşünas tələbələrinin iki komandası Çin dilini bilmək üçün yarışaraq, Çin atalar sözlərində və kəlamlarında təqdim olunan hərbi mövzu ilə bağlı sualları cavablandırıb. Oyunun birinci mərhələsində cəmiyyətin və dövlətin həyatında ordunun rolu, ikinci turda isə hərbi əməliyyatların aparılması taktikası və strategiyası ilə bağlı məsələlər var idi. “Musiqi pauzası” zamanı raundlar arasında Çin Xalq Azadlıq Ordusunun Orkestrinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestrinin ifasında musiqi kompozisiyaları səsləndirilib. Sonda ADU Konfutsi direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Azərbaycan-Çin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf tarixindən danışıb.
R.Abbasov, həmçinin qeyd edib ki, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının iclasında ÇXR-in sədri, ÇKP MK-nın Baş Katibi Si Cinpin milli müdafiənin və Silahlı Qüvvələrin gücləndirilməsinin zəruriliyini vurğulayıb, Silahlı Qüvvələrin COVID-19 ilə mübarizədə rolunu yüksək qiymətləndirib. Onlayn tədbirdə Çinin ölkəmizdəki səfirliyinin hərbi attaşesi Çjan Tsunqo da iştirak edib.