Azərbaycan Dillər Universitetində Milli Dirçəliş Gününə həsr olunmuş bilik yarışması keçirilmişdir
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Tələbə Həmkarlar Təşkilatı 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş bilik yarışması keçirmişdir.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bilik mübarizəsinə universitetin pedaqoji fakültəsinin “Xocalı 2”, “Qarabağ”, tərcümə fakültəsinin “Şuşa”, “Laçın”, filologiya və jurnalistika fakültəsinin “Xocalı 1”, “Ağdam”, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin isə “Kəlbəcər” və “Dərbənd” komandaları qatılmışlar.
Təşkilatın sədri Aytəkin Mehdiyeva komandalara yarışmanın şərtləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, 8 komandanın qatıldığı yarışma 3 mərhələdən ibarətdir və hər mərhələdə komandalara 12 sual veriləcəkdir.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışmada filologiya və jurnalistika fakültəsinin “Xocalı 1” komandası 29 xal nəticə göstərərək qalib adını qazanmışdır. Tərcümə fakültəsinin “Şuşa” və “Laçın” komandaları isə müvafiq olaraq II və III yerləri bölüşmüşlər.
Qaliblərə Tələbə Həmkarlar Təşkilatının kuboku təqdim olunmuşdur.