Azərbaycan Diplomatik Akademiyası Çin Beynəlxalq Təhsil Sərgisində iştirak etmişdir
Şanxay, 13 noyabr (AZƏRTAC). Azərbaycan Diplomatik Akademiyası (ADA) Şanxayda keçirilən Çin Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak etmişdir.
ADA-nın bu beynəlxalq tədbirdə iştirakının məqsədi Çinli tələbələri Azərbaycan Diplomatik Akademiyasında təhsil almağa təşviq etmək olmuşdur. Bu məqsədlə ADA Çinli tələbələr üçün xüsusi tam təqaüdlər təklif etmişdir.
Sərginin Azərbaycana aid pavilyonunda ADA-nın təhsil proqramları, təqaüd sistemi, əcnəbi tələbələrin qəbulu, akademiyanın yeni şəhərciyi və beynəlxalq əlaqələrinə aid əyani vəsaitlər nümayiş olunmuş, sərgi iştirakçılarına broşur və kitablar paylanılmışdır.
ADA-nı xarici tələbələrin qəbulu departamentinin əməkdaşı Samirə Ağayeva təmsil etmişdir. Şanxayda təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın sərgidə iştirakına dəstək göstərmişlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay