İQTİSADİYYAT
Azərbaycan Diplomatik Akademiyasında Mərkəzi Bankın əməkdaşları üçün xüsusi təlimlər keçirilir
Bakı, 10 aprel (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Azərbaycan Diplomatik Akademiyasının (ADA) İxtisasartırma proqramlarının (ADA Executive Education) onlar üçün xüsusi hazırladığı “İdarəçiliyin inkişafı” proqramı üzrə on dörd günlük təlimlərə qoşulmuşlar.
ADA-nın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, dörd mərhələdən ibarət təlimlər zamanı Diplomatik Akademiyanın yerli və xarici mütəxəssisləri bank əməkdaşlarına iş fəaliyyətinin səmərəliliyinin artırılması, idarəçilik və inzibati bacarıqlar, komanda şəklində fəaliyyət, layihələrin idarəedilməsi və liderlik qabiliyyətinin inkişaf etdirilməsi üzrə dərslər keçəcəklər.
Cari ilin iyun ayında təlimləri bitirəcək Mərkəzi Bankın orta rütbəli 25 əməkdaşına ADA İxtisasartırma proqramlarının sertifikatları təqdim olunacaqdır.
Bu təlimlər Diplomatik Akademiya tərəfindən bank sahəsi üçün hazırlanan ilk ixtisasartırma proqramıdır və Mərkəzi Bankın peşəkar tələblərinə cavab verən ehtiyaclarına əsasən qurulmuşdur.