AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİR
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev mövzunun aktuallığı və əhəmiyyətini, tədbirin ADİU və İİB arasında bağlanmış uzunmüddətli əməkdaşlıq sazişi əsasında, MDB məkanında ilk dəfə Azərbaycanda keçirildiyini vurğulamışdır. Onun sözlərinə görə, məqsəd iştirakçıları islam iqtisadiyyatı və islam bankçılığının əsas konsepsiya və vasitələri ilə tanış etmək, onların ənənəvi iqtisadiyyat və bankçılıqdan fərqini aydınlaşdırmaqdır. Məlumat verilmişdir ki, seminarın işində respublikamızın nümayəndələri ilə yanaşı, Qazaxıstanın və Orta Asiya ölkələrinin - Tacikistanın, Türkmənistanın, Qırğızıstanın, Özbəkistanın tədqiqatçıları, bank işçiləri, maliyyə qurumlarının əməkdaşları da iştirak edir.
İslam Tədqiqat və Təlim İnstitutunun baş əlaqələndiricisi Feysəl Salami bu təhsil ocağının İİB-yə üzv ölkələrdə iqtisadi, maliyyə və bank fəaliyyətinin daha da inkişafına yardım və əməkdaşlığın genişləndirilməsinə yönələn tədqiqat, təlim və məlumat xidməti göstərmək məqsədi ilə yaradıldığını söyləmişdir. Bildirilmişdir ki, institutun fəaliyyət istiqamətlərindən biri də İslam bankçılığı və iqtisadiyyatının öyrənilməsi və tətbiq edilməsindən ibarətdir.
Tədbirin ilk günündə “İslam iqtisadiyyatı nədir?” və “İslam maliyyə sisteminin ənənəvi maliyyə sistemi ilə müqayisəsi” mövzularında məruzələr dinlənilmişdir.
Noyabrın 30-dək davam edəcək seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcəkdir.