MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Çərçivədən kənar” adlı fotosərgi açılmışdır
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu ali məktəbin rejissor sənəti fakültəsinin kino rejissoru və operator sənəti kafedrasının II kurs operator ixtisası tələbələrinin “Çərçivədən kənar” adlı fotosərgisi açılmışdır.
Kursun rəhbəri Əməkdar İncəsənət Xadimi Rövşən Quliyevdir.
AZƏRTAC xəbər verir ki, ADMİU-nun humanitar işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli, rejissor sənəti fakültəsinin dekanı, dosent Xaləddin Sofiyev sərginin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, fotokompozisiya, fotoqrafiya çox çətin və şərəfli bir işdir. Hadisələrin tarixə çevrilməsində operatorların, fotoqrafların böyük xidməti vardır. Təqdim olunan “Çərçivədən kənar” fotosərgisində bir abstraksionizm müşahidə etmək mümkündür. Adətən fotoşəkillər çərçivəyə salınır. Bu sərginin xüsusiyyəti isə ondan ibarətdir ki, fotolardakı təsvirlər çərçivədən kənara çıxarılaraq real olaraq nümayiş etdirilir. Həmçinin hər kəs bu fotoları öz dünyasından dərk edə bilər. Dünyaya boylanan insanın fotosunun şəkildə təsvir olunan materialla əhatəsi gözəl bir harmoniya yaratmışdır.
Fotosərginin başqa bir maraqlı cəhəti də tələbələrin çərçivədən kənara çıxmaq, hərəkətli yaradıcılığa daxil olmaq istəyidir. Bunun da rəmzi mənası vardır. Operator ixtisası üzrə təhsil alan tələbələr gələcəkdə bu sənət üzrə də çəkəcəklər. O zaman indiki işlər onlara çox böyük kömək edəcəkdir.
Xalq Artisti Oqtay Mirqasımov, Əməkdar İncəsənət Xadimi Rafiq Qənbərov sərgilənən işləri yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, tələbələrin əsas işi məhz qeyri-adi bir şeyi axtarıb tapmaqdır. Fotosərginin belə üslubda təqdimi məhz gəncliyin ideyası, onun axtarış formasıdır. Onlar cəsarətli təşəbbüs etmişlər.
Sərginin ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, həm də bu ali təhsil ocağının 90 illik yubileyi ərəfəsində keçirildiyini qeyd edən natiqlər ölkəmizdə gənclərin təhsilinə yaradılmış şəraiti xüsusilə vurğulamışlar.