ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kamal Abdulla ilə görüş
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yazıçı-publisist, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Fərəh Əliyeva Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, onun yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyətindən söz açıb, görüşün bütün kollektiv üçün faydalı olacağını bildirib.
Sonra Kamal Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətlərindən danışıb, müxtəlif janrlarda qələmə aldığı bədii əsərləri, xüsusilə də “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabı haqqında məlumat verib. O, kitabın üç hissədən ibarət olduğunu söyləyib, “Mifdən yazıya və yaxud sirr içində dastan” adlanan birinci bölmədə mif və yazı, mifin məntiqi və gücü, hüquqi və etik yasaqları, yazının gücü və “Kitabi-Dədə Qorqud” dastanının gizlin filoloji məqamlarından bəhs olunduğunu qeyd edib.
Görüşdə Kamal Abdulla iştirakçıların suallarını cavablandırıb.