Azərbaycan dövləti gender bərabərliyi məsələsini daim diqqət mərkəzində saxlayır
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-da Ailə, Qadın və Uşaq Problemləri (AQUPDK) üzrə Dövlət Komitəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunan tədbirdə 2019-cu il dekabrın 23-də ölkəmizdə keçirilən bələdiyyə seçkilərində qadınların əldə etdiyi uğurlardan bəhs olunub.
AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bələdiyyə seçkilərində uğur qazanan qadınlara təbriklərini çatdırıb və onlara fəaliyyətlərində nailiyyətlər arzulayıb. Bələdiyyələrin qarşısında çox mühüm vəzifələrin dayandığını bildirən komitə sədrinin müavini icra strukturunda onların rolunu qeyd edib.
“Azərbaycan dövləti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində vətəndaş cəmiyyəti, gender bərabərliyi məsələlərini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə müvafiq layihələr və proqramlar həyata keçirir. Ölkəmizdə qadınlar və kişilər bərabər hüquqlara malikdirlər. Ailə qayğıları, uşaqların tərbiyəsi və digər məsələlərdə zərif cinsin nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Qadınlar cəmiyyətin güzgüsüdür və onlar bu cəmiyyətin inkişafında mühüm rol oynayırlar”, - deyə S.Qəhrəmanova vurğulayıb.
Bildirilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ölkəmizin 9 regionunda qadınların sahibkarlıq fəaliyyəti təmin olunub. Bələdiyyələrə seçilən qadınlar öz işlərini günün tələbləri səviyyəsində qurmalı, onları seçən insanların problemlərini həll etməlidirlər. Bu, onların borcudur. Qadınları sosial məsələlər daha çox maraqlandırır və kişilərə nisbətən bu kimi problemlərə həssaslıq göstərirlər.
Sədaqət Qəhrəmanova Komitə tərəfindən gender məsələlərinə məsul şəxslər üçün ikigünlük təlimlərin keçirildiyini də diqqətə çatdırıb.
Sonra çıxış edən BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Vüsal Behbudov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin böyük məsləhətçisi Seymur Nağıyev, “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının rəhbəri Hümbət Hüseynov və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan işləri yüksək qiymətləndiriblər.