Azərbaycan ədəbiyyatşünaslığında Mirəli Seyidovun elmi-nəzəri fəaliyyətinin əhəmiyyətli rolu olub
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan ədəbiyyatşünaslığında görkəmli alim Mirəli Seyidovun elmi-nəzəri fəaliyyətinin əhəmiyyətli rolu var. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoyub, inkişaf etdirib və bu elmlə məşğul olan tədqiqatçıların məqalələrinin ərsəyə gəlməsində yaxından iştirak edib.
AZƏRTAC xəbər verir ki, mayın 5-i milli ictimai təfəkkürün formalaşmasında, azərbaycançılıq dünyagörüşünün təbliğində böyük xidmətləri olan Əməkdar elm xadimi Mirəli Seyidovun doğum günüdür.
Mirəli Seyidov 1918-ci ildə İrəvanda anadan olub, ibtidai təhsilini burada alıb. 1938-ci ildə Bakıda Hidromeliorasiya Texnikumunu bitirib. 1938-1944-cü illərdə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsində təhsil alıb. Eyni zamanda, 1941-1945-ci illərdə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub. Həmin illərdə “sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini vəzifələrində işləyib. 1945-1953-cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1953-1960-cı illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Orta əsrlər şöbəsində baş elmi işçi, 1960-1967-ci illərdə Ədəbi əlaqələr şöbəsində baş elmi işçi, 1967-1980-ci illərdə şöbə müdiri, 1980-1988-ci illərdə Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri vəzifələrində çalışıb.
O, 1953-cü ildə “Sayat Novanın həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1969-cu ildə isə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Mirəli Seyidovun 1954-cü ildə “Sayat Nova”, 1963-cü ildə “Qövsi Təbrizi”, “Qafqaz xalqlarının nəğməkarı”, 1969-cu ildə “Azərbaycan-erməni ədəbi əlaqələri” (rusca), 1976-cı ildə “Azərbaycan-erməni ədəbi əlaqələri - orta əsrlər” kitabları çap olunub. Onun “Azərbaycan mifik təfəkkürünün qaynaqları” (1983), Qızıl döyüşçünün taleyi” (1984), “Azərbaycan xalqının soykökünü düşünərkən” (1989), “Yaz bayramı” (1990), “Qam-şaman və onun qaynaqlarına ümumi baxış” (1994), “Böri-qurt” (2006) kitabları işıq üzü görüb.
Alim 1992-ci il aprelin 26-da Bakıda vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.