AZƏRBAYCAN-FİNLANDİYA OYUNUNUN PROQRAMI ÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Futbol dünyası” qəzeti Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Bakıda keçiriləcək Azərbaycan və Finlandiya oyununa xüsusi buraxılış həsr etmişdir. Nəşrin üz qabığında millimizin üzvü Andre Ladaqanın Qazaxıstan yığmasının qapısına qol vurduqdan sonra formasının üzərindəki Azərbaycan gerbini öpdüyü anı əks etdirən şəkli verilmişdir.
Nəfis şəkildə tərtib olunmuş və bütün oyunların proqramı verilmiş qəzetdə yığmamızın mübarizə apardığı “A” qrupunda qeydə alınmış nəticələr, gələcəkdə keçiriləcək oyunların təqvimi, hər iki komandanın kollektiv şəkilləri və heyəti haqqında məlumatlar da öz əksini tapmışdır.
Buraxılışda, həmçinin tarixi ərzində Avropa çempionatının final mərhələsində iştirak etməyən komandalar və onların indiyə qədər əldə etdiyi ən yüksək nəticələr, “Neftçi”nin və SSRİ yığmasının əfsanəvi hücumçusu, mərhum Anatoli Banişevskinin Finlandiya yığmasının qapısına qol vurması və komandalarımızın bu ölkənin təmsilçilərinə qarşı keçirdiyi oyunların statistikası yer almışdır.
Oxucular Finlandiyanın futbol tarixi, qarşılaşmanın baş hakimi italiyalı Domeniko Messina və onun köməkçiləri haqqında məlumat alacaqlar.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun rəhbərliyi buraxılmış nömrənin müəllifi “Futbol dünyası” qəzetinin şöbə müdiri Rasim Mövsümovdur.