AZƏRBAYCAN GƏNCLƏRİ DÖVLƏT QAYĞISINDAN MƏMNUNDURLAR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Milli Məclisdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvləri ilə birgə “Heydər Əliyev-85” mövzusunda konfrans keçirilmişdir.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin də iştirak etdiyi tədbirə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında təmsil olunan 40-dək təşkilatın nümayəndələri dəvət olunmuşdular.
Konfrans iştirakçıları parlamentin iclas salonu və Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olmuşlar.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradov tədbirdə ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından bəhs etmişdir. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hər ilin fevralın 2-nin Gənclər günü kimi qeyd olunmasının, Milli Məclisdə uşaqlar, yeniyetmələr və gənclərlə bağlı qanunların qəbulunun gənclər tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışlar. Bildirilmişdir ki, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də hər zaman gənclərə diqqət və qayğı göstərir. Bu gün Milli Məclisdə gənclərin təmsil olunması məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Göstərilən diqqəti yüksək dəyərləndirən Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, demokratik dövlət quruculuğuna öz töhfələrini verirlər.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş tədbirin mühüm əhəmiyyətindən, parlamentdə belə görüşlərin keçirilməsinin vacibliyindən bəhs etmişdir. Z.Əsgərov demişdir ki, qloballaşan dünyada Azərbaycanın layiqli yer tutması üçün gənclərimizin potensial imkanlarından maksimum istifadə olunmalıdır.
Müasir dövrün tələbləri, inkişaf istiqamətləri barədə fikirlərini bölüşən Z.Əsgərov Azərbaycan dövlətinin tərəqqisində gənclərimizin öhdəsinə düşən vəzifələri də xatırlatmışdır.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzvlərinin məruzələri dinlənilmişdir. Məruzələrdə ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolu, ölkəmizdə aparılan çoxşaxəli islahatların məhz Heydər Əliyev siyasətinin bəhrəsi olduğu, son illər regionlarımızda gedən abadlıq-quruculuq işləri və yüksəliş, ulu öndərin qaçqın və məcburi köçkünlərə qayğısı, əlillərin sosial təminatına diqqəti barədə ətraflı söhbət açılmışdır.
Gənclər onlara göstərilən dövlət qayğısından məmnun olduqlarını, ulu öndərin xatirəsinə dərin ehtiram bəslədiklərini və Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini xüsusi vurğulamışlar.