AZƏRBAYCAN GƏNCLƏRİNİN XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİL ALMALARINA DAİR DÖVLƏT PROQRAMI HAZIRLANIR
Maliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbər işçiləri və mütəxəssislərinin iştirak etdiyi iclasda Dövlət Proqramının əsas istiqamətləri, ölkənin əmək bazarının rəqabətqabiliyyətli iqtisadi sistemin tələblərinə uyğun olaraq formalaşdırılması, respublikamızın müasir səviyyəli kadrlara ehtiyacının ödənilməsi, xaricə göndərilən gənclərin seçilməsi, bu prosesdə şəffaflığın təmin olunması məsələləri geniş müzakirə edilmişdir.
Heydər Babayev ölkəmizin iqtisadiyyatının və əmək bazarının tələblərinə uyğun olaraq nüfuzlu xarici universitetlərdə yüksək ixtisaslı milli kadrların hazırlanması, eləcə də Azərbaycanda təlimlərin təşkil edilməsi məqsədi ilə İnsan Kapitalı İnkişaf Fondunun yaradılmasının zəruri olduğunu vurğulamışdır. Fondun ali idarəetmə orqanı Himayəçilər Şurası olmaqla onun tərkibinə müvafiq qurumların nümayəndələrinin daxil edilməsi məqsədəuyğun sayılmışdır.
Proqramın hazırlanması prosesində qeyri-hökumət (İREX, BTMM, American Councils for Education və s.) və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, habelə xaricdə təhsil almış azərbaycanlı gənclərin cəlb edilməsi, kütləvi informasiya vasitələrində müzakirələrin təşkili nəzərdə tutulur.
İclasda Dövlət Proqramının hazırlanması məqsədi ilə müvafiq idarə və təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu yaradılmış və iş cədvəli təsdiq edilmişdir.
Müzakirələrdə komissiya üzvləri rəy və təkliflərini bildirmiş, Dövlət Proqramının Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcəyini qeyd etmişlər.