İDMAN
Azərbaycan gimnastı Aliyə Qarayeva fərdi çoxnövçülük yarışlarında 111.850 xal toplamışdır[YENİLƏNİB]
Bakı, 10 avqust (AZƏRTAC). Azərbaycan bədii gimnastı Aliyə Qarayeva London Yay Olimpiya Oyunlarının fərdi çoxnövçülük yarışlarının təsnifat mərhələsində çıxışını başa vurmuşdur.
AZƏRTAC xəbər verir ki, A.Qarayeva ilə yanaşı, təsnifat mərhələsində daha 23 gimnast qüvvəsini sınamışdır.
Təsnifat mərhələsinin ilk yarış günündə gimnastlar halqa və topla hərəkətlərdə öz çıxışlarını etmişlər. A.Qarayeva halqa ilə hərəkətlərdə 27.450, topla yarışlarda 28.350 xal toplamışdı. İki hərəkətin cəmində isə A.Qarayeva 55.800 xalla ümumi sıralamada beşinci olmuşdu.
Bu gün isə gimnastlar lent və gürzlə hərəkətlərdə qüvvələrini sınamışlar. Gürzlə hərəkətlərdə gimnastımız xalçaya üçüncü çıxmış və bu cəhdində 27.850 xal toplamışdır. Lentlə hərəkətlərdə isə 28.200 xal toplayan A.Qarayeva aktivinə ümumilikdə 111.850 xal yazdırmışdır.
Finala vəsiqə qazanmaq üçün A.Qarayevaya yekun nəticədə ilk onluğa daxil olmaq lazımdır.