İDMAN
Azərbaycan gimnastı Oleq Stepko ilk Avropa Oyunlarında biri qızıl olmaqla beş medal qazanıb
Bakı, 20 iyun, R.Abbasova, H.Mahmudova, AZƏRTAC
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə fərdi yarışların final mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı Oleq Stepko yarışlarda bir qızıl, iki gümüş və bir bürünc medal qazanıb.
Bu gün O.Stepko paralel qollarda hərəkət üzrə ən yüksək nəticə göstərərək (15,733) qızıl medala layiq görülüb. Rusiyalı David Belyavski (15,700) gümüş, rumıniyalı Marius Berbekar (15,600) bürünc medal əldə edib.
Dayaqla tullanma yarışında isə idmançımız üçüncü nəticə (14,966) göstərərək bürünc medala sahib olub. Qızıl medala ukraynalı Oleq Vernyayev (15,266), gümüş medalı isə Niderland idmançısı Kasimir Şmidt (15,166) layiq görülüb.
Oleq Stepko gimnastika atı üzərində hərəkət yarışlarda da uğurla çıxış edərək (14.600 xal) hesabına növbəti gümüş medalı yazdırıb. Bu növdə birinci yeri 14.966 xalla sloveniyalı Saso Bertonselj, üçüncü yeri isə 14.200 xalla böyük britaniyalı Brin Bevan tutub.
Halqalar üzrə hərəkətlərdə Yunanıstan gimnastı Eleterious Petrousias (15,633) qızıl, rusiyalı Nikita İqnatyev (15,333) gümüş, türkiyəli İbrahim Çolak isə (15,133) bürünc medal əldə ediblər.
Kişilər arasında idman gimnastikasının çoxnövçülük yarışlarında sərbəst hərəkətlərdə ən yüksək nəticəni ispaniyalı Zapata Santana (15,333) göstərib. Almaniyalı Fabian Hamburken (15,100) ikinci, rusiyalı David Belyavski (15,000) üçüncü yeri tutublar.
Qadınlar arasında gimnastika tiri üzərində yarışların qızıl medalını Niderland atleti Layk Vever (14,200) qazanıb. İkinci yerə rumıniyalı Andrea İridon (14,000), üçüncü pilləyə isə isveçrəli gimnast Culiya Steynqruber (13,700) çıxıblar.
Müxtəlif hündürlüklü qollarla hərəkətlər üzrə rusiyalı Aliyə Mustafina (15,400) birinci, almaniyalı Sofiya Şeder (15,200) ikinci, rumıniyalı Andea İridon (12,800) üçüncü olub. Qadınlar arasında sərbəst hərəkətlərdə isveçrəli Juliya Steingruber (14,266) qızıl, rusiyalı Aliya Mustafina (14,200) gümüş, niderlan gimnastı Lieke Şevers (13,800) bürünc medal qazanıb.
Qaliblərə medalları Azərbaycan Respublikası Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.